Türkmənistanda tapılan iki neftçinin meyiti ailələrinə təhvil verildi
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin ikisinin meyiti ailələrinə təhvil verilib.
Bu barədə "APA-Economics"ə SOCAR-ın "Azneft" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, bu gün neftçi Əzizağa Nöhbala oğlu Quliyev Bakının Zirə qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. Digər neftçi Adil Ələkbər oğlu Abdullayevin dəfn mərasimi isə Novxanı qəbiristanlığında baş tutacaq.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, yanvarın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Məlumat daxil olduqdan sonra meyitlərin gətirilməsi üçün dünən səhər Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçilər Əzizağa Nöhbala oğlu Quliyev və Adil Ələkbər oğlu Abdullayevin nəşləri Vətənə gətirilib və aidiyyəti üzrə təhvil verilib.