Bərdədə polis əməkdaşının maşını qəzaya uğradı

Bərdədə üç nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, hadisə Bərdə-Yevlax yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib.

 

1986-cı il təvəllüdlü Rəşad Məmmədovun idarə etdiyi 01 BP 528 dövlət nömrə nişanlı "VAZ-2106" markalı maşın Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı, 1980-ci il təvəllüdlü Rəşad Yadigarovun idarə etdiyi 90 SV 540 dövlət nömrə nişanlı “Mercedes” markalı maşınla toqquşub.

 

Rəşad Məmmədov və onun avtomobilində olan sərnişin, 1988-ci il təvəllüdlü Fərqanə Məmmədova müxtəlif bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. “Mercedes” markalı maşının sürücüsü, 35 yaşlı Rəşad Yadigarovu əzilmiş avtomobildən xilas etmək üçün hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Xilasedicilər avtomobili xüsusi alət və avadanlıqlarla kəsərək yaralı polisi xilas etdikdən sonra xəstəxanaya çatdırıblar.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.

 

Müəllif | Apa.Tv
Apa.tv