Kərbəla və Nəcəf şiələri Səudiyyə Ərəbistanına etiraz olaraq küçələrə axışdı
"Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri yalnız bir halda, bu ölkənin qonşu dövlətlərin işinə qarışmağa son qoyacağı təqdirdə bərpa edəcək". APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bu fikirləri Ər-Riyadın BMT-dəki daimi nümayəndəsi səsləndirib.
O qeyd edib ki, Tehranla münasibətlərin gərginləşməsi Səudiyyə Ərəbistanının Suriyadakı nizamlanma prosesində iştirakdan imtina etməsi anlamına gəlmir. Daha öncə Ər-Riyad İranla diplomatik münasibətlərin pozulmasından sonra yeni addımların atılacağını elan edib.
“Biz İranla istənilən hava nəqliyyatı əlaqəsini də dayandırırıq. Biz bu dövlətlə ticari münasibətlərə də son qoyur və İrana turist səfərlərinə qadağa tətbiq etməyi planlaşdırırıq”, - deyə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr qeyd edib.
Bu arada BMT TŞ Səudiyyə Ərəbistanının İrandakı diplomatik missiyalarına edilən hücumları pisləyərək, rəsmi Tehranı buradakı bütün səfirlik binaları və əməkdaşlarının mühafizəsini gücləndirməyə çağırıb. Bu hadisələrin fonunda İran hökuməti ölkədə fəaliyyət göstərən diplomatların həyatı üçün hər hansı bir təhlükənin olmadığını bildirərək, vəziyyətin gərginləşməsində Ər-Riyadı ittiham edir.
“Mən Səudiyyə xalqına heç bir məntiqə sığmayan təxribat halları, qeyri-peşəkar siyasi idarəetmənin nəticəsi olan emosional qərarlardan imtina etməyi tövsiyə edirəm. Çünki İranla bütün əlaqələri kəsməklə onlar yalnız özlərinə zərər vuracaq”, - deyə İranın birinci viste-prezidenti İshaq Cahangiri bildirib.
Öz növbəsində Birləşmiş Ştatlar özünün regiondakı əsas müttəfiqi olan Səudiyyə Ərəbistanının addımlarına şərh verməkdən imtina edərək, hər iki dövləti diplomatik əməkdaşlıq yoluna dəvət edir.
Ağ Ev nümayəndəsi Con Ernst vurğulayıb ki, Vaşinqton tərəfləri təmkin nümayiş etdirərək, regionda mövcud gərginliyi daha da artırmaqdan çəkinməyə çağırır.
Şiə şeyxi Nimr ən-Nimrin öldürülməsinə etirazlar isə səngimək bilmir. Minlərlə şiə-müsəlman buna etiraz olaraq Bağdad küçələrinə çıxıb. Aksiya iştirakçıları “ən-Nimrin öldürülməsi sonun başlanğıcıdır!” şüarını səsləndirərək, Səudiyyə hökumətini lənətləyiblər. Oxşar etirazlar eyni zamanda İraqın Bəsrə, Nəcəf və Kərbəla şəhərlərində də baş tutub.