Bayram günlərində 18 nəfər dəm qazından zəhərlənib

Bayram günlərində Azərbaycan Səhiyyə Nazirliyinin 1 saylı Şəhər Xəstəxanasının toksikologiya şöbəsinə ümumilikdə 38  xəstə müəyyən problemlərlə müraciət edib.

 

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA TV-yə bildirib ki, onlardan 18-i dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul olunub, hazırda 12 nəfəri xəstəxanada müalicələrini davam etdirir.

 

Digər 4 nəfər dərmanlara qarşı yüksək həssaslıq, allergiya ilə müraciət edib, 16 nəfər isə sərxoş vəziyyətdə qəbul olunub. Onlardan heç birində zəhərlənmə halı qeydə alınmayıb və müayinə olunduqdan sonra evə buraxılıblar.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin müavini Oqtay Şahmalıyev isə deyib ki, digər günlərlə müqayisədə bayram günlərində çağırışların sayı  artıb. Dekabr ayının ilk günlərində gün ərzində çağırışların sayı 1800-1900 olduğu halda, bayram günlərində bu rəqəm artaraq gün ərzində 2 mindən çox olub. Müraciət edənlərin əksəriyyəti isə əsasən ürək-damar sistemi xəstəlikləri ilə bağlı olub. Şaxtalı hava şəraitində 6 nəfər yıxılaraq ətrafların sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv