Polşada 20 nəfər dondu, Almaniyada nəqliyyat dayandı, Rusiyada mənfi 22 dərəcə - ŞAXTALI HAVALAR
Kəskin şaxtalı hava Avropanı cənginə alıb.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Polşada 20 nəfərdən çox insan donaraq ölüb. Ölənlərin çoxunun "bomj" olduğu bildirilir.
Balkan ölkələrində də havanın şaxtalı keçməsi yol qəzalarının sayını artırıb. Yolların buz bağlaması piyadaların hərəkətində də çətinliklərə səbəb olub.
Almaniya da şaxtalı havaların əsirinə çevrilib. Ölkə ərazisində hazırda müşahidə olunan temperatur mənfi 8 dərəcə təşkil edir. Havanın şaxtalı keçməsi nəqliyyatın hərəkətində problemlər yaradıb. Paytaxt Berlindən Köln şəhərinə istiqamətlənən 600 nəfərlik sərnişin qatarı hərəkətini davam etdirə bilməyib.
Şaxtalı havalar hazırda Rusiya ərazisinə də hakimdir. Sinoptiklər bu cür hava şəraitinin hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırır. Qarşıdakı günlərdə temperaturun -22 dərəcəyədək enəcəyi, qarlı havanın davam edəcəyi bildirilir.