Bakıda məcburi köçkünlərin yataqxanasında yanğın: sakinlər təxliyə edildi

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib.

 

APA TV-nin xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu, Elşad Məmmədov küçəsi-148 ünvanında yerləşən, məcburi köçkünlərin yaşadığı 5 mərtəbəli yataqxana binasında, vətəndaşa məxsus 1 otaqlı evdə baş verib.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürmə briqadası cəlb olunub, yanğın lokallaşdırılıb. Yanğının miqyasının genişlənmə təhlükəsi olduğundan, bina sakinləri təxliyə edilib.

 

Yanğın zamanı xəsarət alan olmasa da, ev sahibi tüstüdən zəhərlənib. Zərərçəkənə ilkin tibbi yardım göstərilib.

 

İlkin ehtimal kimi yanğının elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyi bildirilir. Binanın yararsız vəziyyətdə olan və hər an təhlükə saçan elektrik naqilləri də bunu deməyə əsas verir.

 

Yanan evin sakinlərini çıxarmağa kömək edən Elvin Əzizov olayı belə nəql edir: "Ev yanırdı. Fövqəladə Hallar gələnə kimi məhəllə camaatı nə imkan vardı, kömək elədik. Sağ olsunlar, gəldilər yanğını söndürdülər. Şükür Allaha, salamatlıqdır".

 

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 kv. m olan mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanıb. Yanğın zamanı mənzillərdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzildə 1 ədəd 5, 1 ədəd 40 litrlik maye qaz balonları və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov