Maştağada dəhşət: arvadını, baldızını və qayınanasını bıçaqladı

Ötən gecə Bakıda 3 nəfər bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

 

Qəsəbənin Bağırov küçəsi-98 ünvanında yaşayan İlham Zakir oğlu Qurbanov 1985-ci il təvəllüdlü həyat yoldaşı Mədinə Ramiz qızı Qurbanova, 1986-cı il təvəllüdlü baldızı Əliyeva Aynurə Ramiz qızı və 1961-ci il təvəllüdlü qaynanası Çimnaz Məşədibaba qızı Əliyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib.

 

Hər üç yaralı çağırılan təcili yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, Əliyeva Aynurə Ramiz qızına döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası, Əliyeva Çimnaz Məşədibaba qızı və Qurbanova Mədinə Ramiz qızına isə boğaz nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Hər üç yaralıya dərhal müdaxilə edilib və əməliyyata alınıblar. Hazırda xəstələrin vəziyyəti ağır olaraq qalır.

 

Faktı APA TV-yə Sabunçu Rayon Polis İdarəsi də təsdiqləyib. Polisdən verilən məlumata görə, hadisə baş verəndən sonra İlham Zakir oğlu Qurbanov idarəyə gələrək təslim olub. Hadisənin nə səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

 

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv