İrandan Səudiyyə Ərəbistanına güc nümayişi: yeraltı raket bazaları açıldı
İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər gərginləşməkdə davam edir.
APA TV-nin məlumatına görə, İran Səudiyyə Ərəbistanına əzələ nümayiş etdirərək İnqilab Keşikçiləri Ordusuna aid və yeraltı tunellərdə saxlanılan ballistik raket bazasını açıb. İranın parlament sədri Əli Laricani gəzdiyi yeraltı bazada "Emad" tipli ballistik raketlərlə tanış olub.
Maye yanacaqla işləyən və uzaq mənzilli atış qabiliyyətinə malik olduğu deyilən “Emad” raketlərinin oktyabr ayında sınaq təlimləri həyata keçirilib. Yerin altında olan bazanın ölkənin hansı bölgəsində olduğu haqda məlumat verilməyib.
Məlumat üçün bildirək ki, İran ilk dəfə keçən ilin oktyabr ayında yerin altındakı gizli raket anbarının qapılarını mətbuata açmışdı.