Maştağada qarət: evdən 50 min manatlıq qızıl-zinət əşyaları aparıldı
Bakının Sabunçu rayonunda ev qarət olunub. APA TV-nin məlumatına görə, hadisə Maştağa qəsəbəsinin Savalan yaşayış massivində qeydə alınıb.
Həsən Həsənova məxsus fərdi yaşayış evi talanıb. Hadisə zamanı evdə heç kim olmayıb. Ev sahibinin sözlərinə görə, bayramlaşmaq üçün qohumlarıgilə getdiklərindən, ev boş qalıb. Təxminən 5 gün ərzində kimsəsiz qalan evə oğrular gəlib. Pəncərələrdən birinin dəmir barmaqlıqlarını kəsərək evə daxil olan oğrular evin altını üstünə çeviriblər.
Südabə Məmmədova: "Bura qardaşımın evidir. Bacımın qızları tələbədirlər, bu evdə qalırlar. Onlar dekabrın 30-u bayrama görə rayona gediblər. Yanvarın 3-ü rayondan qayıdıblar və gəlib görüblər ki, pəncərəni sındırıb evə giriblər. Otaqların üçünü də dağıdıblar. Evdən 50 min manatlıq qızıl-zinət əşyaları aparıblar".
İçəridə digər qiymətli əşyalar olsa da, oğrular pul və qızıl axtarıb. Aparılmış qızıl-zinət əşyalarının da qohum ailələrə məxsus müştərək əmlak olduğu bildirilir. Artıq oğurluqla bağlı Sabunçu RPİ-nin 14-cü polis bölməsi də məlumatlandırılıb.
Faktla bağlı araşdırmalar aparılır.