Şimali Koreyanın hidrogen bombası sınağı Çində zəlzələyə səbəb oldu
Şimali Koreya ilk dəfə hidrogen bombasını sınaqdan keçirdiyini bəyan edib. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, ölkə televiziyasının efirində bu hadisədən bəhs edən xüsusi veriliş də nümayiş etdirilib.
Partlayış barəsində rəsmi məlumat yayılmazdan öncə Cənubi Koreya və Çin seysmoloqları maqnitudası 4,2-5 bal arasında dəyişən zəlzələnin baş verdiyini qeydə alıb.
Hələ ötən ilin dekabr ayında Pxenyandakı silah zavodunun açılışında çıxış edən Şimali Koreya lideri Kim Çen In atom bombası ilə birlikdə ölkəsinin "müstəqilliyi və milli qürurunu" qoruya biləcək hidrogen bombasına malik olduğunu açıqlamışdı.
Şimali Koreyanın bu addımı Yaponiyada etiraza səbəb olub. Gündoğar ölkənin baş naziri Sindzo Abe çıxışında Şimali Koreyanın bu addımını pisləyib. Bu arada 2006, 2009 və 2013-cü illərdə də Şimali Koreya tərəfindən üç nüvə sınağının həyata keçirildiyi məlum olub.