Şəkidə mikroavtobus aşdı: 4 yaralı

Şəkidə mikroavtobus qəzaya uğrayıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə yanvarın 5-də saat 16:00 radələrində Baş Göynük-Şəki avtomobil yolunda qeydə alınıb.

 

“Ford” markalı mikroavtobus idarəetməni itirərək aşıb. Nəticədə mikroavtobusda olan 4 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Xəstəxanadan APA TV-yə verilən məlumata görə, yaralılardan 1972-ci il təvəllüdlü Mehman Vahid oğlu Əliyevin xəsarəti ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar - 1966-cı il təvəllüdlü Mahirə Zahir qızı Oqurxanova və onun azyaşlı övladı, 2007-ci il təvəllüdlü Valentina xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər. Elmira Cəlal qızı Abdulkərimovanın xəsarətləri yüngül olduğundan, ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

 

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, qəzada xəsarət alanların hamısı Baş Göynük kənd sakinləridir. Qəzaya düşən mikroavtobus isə rayon mərkəzindən Baş Göynük kəndinə sərnişin daşıyırmış.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov