Britaniyanın həbsdən buraxdığı yeni İŞİD cəlladının görüntüsü yayıldı

İngiltərə hökuməti İŞİD qruplaşması tərəfindən son günlər yayılmış video-çarxlarda yer alan və "Cihadçı Con"u əvəz etmiş yeni cəlladın şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

 

APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, onun da öz sələfi kimi Birləşmiş Krallığın vətəndaşı olduğu ehtimal edilir.

 

Əslində internetdə yerləşdirilən və əsirlərin güllələnməsi epizodlarının yer aldığı ən son görüntülərdəki terrorçunun şəxsiyyəti Britaniya xüsusi xidmət orqanlarına yaxşı məlumdur. Söhbət hind mənşəli İngiltərə vətəndaşı, 32 yaşlı Siddharta Dhardan gedir. O, İslamı qəbul etdikdən sonra daha çox Əbu Rümeysah adı ilə tanınmağa başlayıb. Dhar daha öncə radikal dindarlardan olan Anjem Çodarinin rəhbərliyi altındakı qruplaşmaya terrorçuların cəlb edilməsi ilə məşğul olub.


O, dəfələrlə yayılan videolarda açıq şəkildə İraq və Suriyadakı terrorçu təşkilatlara dəstək nümayiş etdirib. İŞİD sıralarına qoşulduqdan sonra isə Dhar qruplaşmaya İngiltərədən olan müsəlmanları cəlb etməyə başlayıb.

 

Bu arada İngiltərənin baş naziri Devid Kemeron yayılan kadrlara münasibət bildirib: "Hazırda İŞİD həm ərazi itirir, həm də indiyədək ona verilən dəstəkdən məhrum olur. Baş verənlər bir daha mübarizə apardığımız təşkilatın nə dərəcədə dəhşətli olduğunu göstərir".

Yeri gəlmişkən, Siddharta Dhar təqribən altı ay əvvəl İngiltərə xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib, sonra müəmmalı şəkildə sərbəst buraxılıb. İndi əgər onun şəxsiyyəti öz təsdiqini taparsa, onlar həmin vaxt terrorçunun nəyə görə sərbəst buraxıldığını izah etməlidir.

Müəllif | Apa.Tv
Apa.tv