Nardaran hadisələri zamanı saxlanılanlardan 57 nəfər azadlığa buraxılıb
Nardaran hadisələri zamanı inzibati qaydada həbs olunanlardan 57 nəfəri azadlığa buraxılıb. Bu barədə APA-ya Nardaran sakini Natiq Kərimov məlumat verib.
O qeyd edib ki, Nardaran hadisələrinə görə ümumilikdə 71 nəfər barəsində sutkalıq həbs qərarı verilib: “Məndə olan məlumata görə, 14 nəfər hələ də inzibati qaydada həbsdədir. Onların bir hissəsinin həbs müddəti sabah başa çatdığı üçün azadlığa buraxılmaları gözlənilir”.
Qeyd edək ki, ötən ilin noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.
Hadisə nəticəsində iki polis əməkdaşı şəhid olub, dəstə üzvlərindən dörd nəfər ölüb.