Səudiyyə Ərəbistanı Avropa üçün neftin qiymətini ucuzlaşdırdı

Səudiyyə Ərəbistanı son günlər münasibətlərinin kəskin şəkildə pozulduğu İranın Avropa bazarına çıxışına əngəl yaratmaq məqsədilə, qitə alıcılarına satdığı neftin qiymətini gözlənilmədən aşağı salıb. APA TV-nin RBK-ya istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan "Aramco" fevral ayı ərzində şimal-qərbi Avropaya çatdırılması planlaşdırılan neftin qiymətinə tətbiq etdiyi endirimlərin həcmini 1 barel üçün 60, Aralıq dənizi hövzəsindəki müştəriləri üçün isə 20 sent azaldıb.


Bununla yanaşı, Asiya regionu üçün qiymətlər 60 sent artırılıb, Birləşmiş Ştatlar üçün isə dəyişməz qalıb. Səudiyyə Ərəbistanı tərəfindən qiymətlərin belə kəskin şəkildə azaldılması Avropanın bazar tendensiyaları ilə ziddiyyət təşkil edir. İngiltərənin "KBC Advanced Technologies" şirkətinin baş analitiki Ehsan ül-Həqq Rusiyanın son zamanlar "Ural" markalı neftin qiymətini artırdığını bildirir. Onun fikrincə, birjalarda keçirilən son hərraclar zamanı treyderlər "Brent" markalı neftin də satış qiymətini artıracaq.

"The Wall Street Journal" qəzeti həmçinin yazır ki, Səudiyyə Ərəbistanının bu addımları İranın üzərindən sanksiyaların götürülməsi və bundan dərhal sonra adı çəkilən ölkə tərəfindən ixrac həcminin artırılmasından sonra bu il Avropa bazarları uğrunda başlanacaq mübarizəyə hazırlıq xarakteri daşıyır. "Aramco" da məhz Ər-Riyad ilə Tehran arasında başlanan və qarşılıqlı əlaqələrin kəsilməsi ilə nəticələnən genişmiqyaslı münaqişənin fonunda qiymətlərin endirildiyini elan edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və onun müttəfiqləri ilə İran arasında münasibətlər krallıq tərəfindən şiə ruhanisinin edam edilməsi və bunun ardınca Tehranda vüsət alan etirazlardan sonra gərginləşib.

Müəllif | Apa.Tv
Apa.tv