Gəncə pravoslavları Milad bayramını qeyd etdilər
Milad bayramı hər il bütün dünyada olduğu kimi, Azərbaycanda da pravoslav xristian icması tərəfindən təntənə ilə bayram edilir. Bu bayramla əlaqədar Azərbaycandakı bütün pravoslav kilsələrində dini ayinlər icra olunub.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, pravoslav təqviminə əsasən İsa peyğəmbərin doğulduğu gün - 7 yanvar ərəfəsi, yəni Milad bayramı axşamı Gəncə bölgəsində yaşayan pravoslav inanclı xristianlar kilsəyə gələrək, müqəddəs bayramlarının gəlişini birgə qeyd ediblər.
Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinləri icra edib, Tanrıya dualar oxuyublar. Pravoslav vətəndaşlar da kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə Yaradana üz tutublar.
Azərbaycanın hər yerində olduğu kimi, Gəncədə də Milad bayramının qeyd edilməsi Vətənimizdə tarixən formalaşmış tolerantlıq və dözümlülük ənənələrinin bariz nümunələrindən birinə çevrilib.
Kilsəyə gələn pravoslav inanclı sadə vətəndaşlar da bayramlarının azad şəkildə qeyd edə bilmələrindən məmnunluq duyduqlarını bildirərək, bu Milad günündə öz xoş arzularını dilə gətiriblər.
Onu da qeyd edək ki, Gəncədəki Pravoslav kilsəsi bu yaxınlarda 200 illik yubileyini qeyd edib. Bu kilsə 1815-ci ildə Gəncədəki rus ordusu hərbçilərinin ibadəti üçün tikilib. Bir qədər sonra o, Aleksandr Nevski Pravoslav kilsəsi statusu alıb.