Gəncədə quşlar niyə məhv olur? - ARAŞDIRMA

Zakir Hüseynov 40 ilə yaxındır ki, quş saxlayır. Dediyinə görə, son vaxtlar quşlar arasında tələf olma halları artıb. Ölümün səbəbini bilməyən müsahibimiz əvvəllər 20 quşdan bir-ikisi xəstələnib öldüyü halda, hazırda bu rəqəmin 7-8-ə çatdığını deyir: "Son vaxtlar qıçlarında şiş, qanadlarında şiş artıb. Ağızın içində yaralar əmələ gəlib. Gözlərinin içində sulanma gedir. Axır vaxtlar əmələ gəlib. Əvvəllər bunların heç biri olmurdu".

 

Alimlər də quşlar arasında xəstəliklərin artması faktını təsdiqləyir. Bioloq Zaur Hümbətovun sözlərinə görə, son vaxtlar bütün planet üzrə quşların sayının azalması müşahidə olunur: "Son zamanlar planetimizdə quşların xəstəliklərində mutasiyalar baş verib. Məsələn, viruslar mutasiya edərək quşları kütləvi şəkildə qırır. Bunun nəticəsində piramida pozulub. Yəni quşların azalması nəticəsində ziyanvericilər çoxalıb. Bitkilərə çox pis təsir göstərirlər".

 

Zaur Hümbətovun dediyinə görə, xəstəliklərdən başqa insanlar da quşların sayının azalmasında rol oynayır. Belə ki, quş ovunun kütləvi xarakter alması, köçəri quşların çoxalma yerlərinin azalması kimi hallar da quşların sayının azalmasına gətirib çıxarır.

 

Mütəxəssis Adil Ramazanov bildirir ki, quşlar rəngi xoşlarına gələn hər şeyi yeyir. Bu da onların ölümünə səbəb olur: "Nümunə gətirib yaranda ən çox mədə-bağırsaq traktını alırıq. Quş qidanın dadına baxmır. Onlarda dad vəzisi yoxdur, nə gəldi udur. Ona görə də bu həzm olunacaqsa, mədəli vəzidə həzm olunacaq. Olunmayacaqsa, orada tıxanıb qalacaq".

 

Beynəlxalq Ornitoloqlar Cəmiyyəti planetdə quşların sayının azalması ilə əlaqədar həyəcan təbili çalır. Cəmiyyət dövlətlər və BMT səviyyəsində müxtəlif qərarlar qəbul etsə də, hələ ki, bir nəticə əldə olunmayıb. Mütəxəssislər isə quşları qorumaq üçün onların yem bazasını zəhərləməməyi, qadağan olunan vaxtlarda quş ovunu dayandırmağı məsləhət görürlər.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli