Xırdalanda 20 yaşlı gəncə 6 bıçaq vuran tanışı təslim oldu

Abşeron rayonunda 20 yaşlı gəncə 6 bıçaq xəsarəti yetirən şəxs polisə könüllü təslim olub. APA TV-nin məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

 

20 yaşlı Bilal Paşa oğlu Məmmədov şəhərin 28 May küçəsində bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub. Zərərçəkmiş ifadəsində küçə ilə hərəkətdə olan zaman naməlum şəxslərin ona yaxınlaşdığını və bıçaqla hədələyərək pul tələb etdiklərini bildirib. Bilal Məmmədov pul vermədiyinə görə həmin şəxslər tərəfindən bıçaqlandığını deyib.

 

Hadisəni törədən 25 yaşlı Mehman Mövlud oğlu Mahmudov isə bir neçə saat sonra Abşeron Rayon Polis İdarəsinə könüllü təslim olub. Saxlanılan şəxsin sözlərinə görə, Bilal Məmmədovu soymaq niyyəti olmayıb və onu əvvəldən tanıyırmış. Mehman Bilalla Xırdalan şəhəri ərazisindəki çayxanalardan birinin qarşısında rastlaşdığını deyib: “Mən əvvəlcə onu yumruqla vurdum. Sonra başıma bokal vurdu. Başımda izi də qalıb. Məni güləş fəndi ilə yıxdı masanın üstünə. Yerə düşdüm, üstümə çıxıb məni vurmağa başladı. Gördüm bacara bilmirəm. Cibimdən bıçağı çıxarıb vurdum”.

 

Bundan sonra isə Mehman Mahmudov ərazidən uzaqlaşıb: “Durdum çıxdım ordan. Bir az sonra polis əməkdaşlarına zəng vurdum ki, təslim olmaq istəyirəm”.

 

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də eyni əmələ görə məhkum olunub.

 

Faktla bağlı isə Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv