Füzulidə dəhşətli qətl: arvadını övladının gözü önündə bıçaqladı
Füzulinin Bala Bəhmənli kəndində ər arvadını övladının gözü önündə qətlə yetirib.
APA TV-nin xəbərinə görə, 1978-ci il təvəllüdlü Gəncəvi Zöhrab oğlu Sadıqov həyat yoldaşı, 1984-cü il təvəllüdlü Vüsalə Hidayət qızı Əsədovanı ailə münaqişəsi zəminində amansızlıqla öldürüb.
Ailə üzvləri Gəncəvinin spirtli içki aludəçisi olduğunu deyir. Münaqişə Gəncəvinin Vüsalədən pul istəməsi ilə başlayıb. Qadın çörək bişirdiyi üçün gözləməsini desə də, qəzəbli ər bıçaqla arvadının boğaz nahiyəsinə zərbə endirib. Qızı anasının köməyinə gəlsə də, ona yardım edə bilməyib.
Gəncəvi Sadıqov qətli törətdikdən sonra heç nə olmamış kimi kənddəki kafelərdən birinə gedib və içki sifariş edib. Polis əməkdaşları onu elə kafedə tutublar.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.