Əli Həsənov: "Teledebatlarda namizədlər arasında qalmaqallar dünyanın hər yerində olur"
“Azərbaycanda prezident seçkiləri öncəsi mühit şəffaf və demokratikdir, bütün məsələlər qanun çərçivəsində tənzimlənir”.
Bunu APA-ya Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Ə. Həsənov qeyd edib ki, icra və yerli hakimiyyət orqanları qanun əsasında öz funksiyalarını yerinə yetirir, bununla bağlı heç bir problem yoxdur: “Prezidentliyə namizədlər müvafiq olaraq mətbuatda və yerlərdə təbliğat-təşviqat kampaniyası həyata keçirirlər. Qanuna müvafiq olaraq, onların həm televiziya və radioda, həm də mətbuatdakı çıxışları bütün ölkə ərazisində yayılır, bu sahədə heç bir maneə, heç bir problem yoxdur".
Əli Həsənov deyib ki, müəyyən tədbirlər zamanı qarşıdurma yaratmaq, prosesləri pozmaq istəyənlərə qarşı qanun çərçivəsində tədbirlər görülür.
Şpbə müdürü teledebatlarda prezidentliyə namizədlər arasında baş verən qalmaqallara da toxunub. O bildirib ki, belə hallar seçki prosesi zamanı dünyanın digər ölkələrində də müşahidə olunur: “Namizədlərin hamısının debat qabiliyyəti, məsələyə yanaşması eyni deyil. Əlbəttə bu, arzu olunan hal sayılmır. Hər ölkənin seçki institutları istəyir ki, seçki şəffaf, rəvan keçsin, heç bir insident yaşanmasın. Bununla belə, arzu edilən olmasa da, belə halların müşahidə olunması da təbiidir”.
Əli Həsənov jurnalist Pərviz Həşimlinin həbsinə də münasibət bildirib. PA rəsmisi dedib ki, Pərviz Həşimlinin həbsinin onun jurnalist fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.