Bəşər Əsədin hakimiyyətdən gedəcəyi tarix açıqlandı
ABŞ Bəşər Əsədin 2017-ci ildə istefaya gedəcəyi ilə bağlı sənədin mövcudluğunu təsdiqləyib. APA TV-nin Associated Press-ə istinadən xəbərinə görə, Dövlət Departamentinin sözçüsü Con Kirbi keçirdiyi brifinq zamanı Ağ Ev-in Bəşər Əsədin siyasi arenanı tərk etməsini əks etdirən sənədə malik olduğunu inkar etməyib.
"Mən yayılan məlumatlardan xəbərdaram. Bu, hər hansı bir qərarın qəbul edilməsinə qədər hazırlanmış müvəqqəti sənəd olub", deyə o bildirib.
Xatırladaq ki, daha öncə sözü gedən sənədin bəzi hissələri agentlik tərəfindən dərc edilib. Sənəddə Suriya prezidenti Bəşər Əsədin 2017-ci ildə istefa verməsi mümkün ssenarilərdən ən uğurlusu adlandırılıb. Haqqında bəhs olunan sənəddə Suriya münaqişəsinin BMT-nin iştirakı ilə, Vyana prosesinə uyğun həllinin əsas tarixləri təsvir edilib. Təşkilatın daha öncə açıqladığı planda isə Suriyada prezident seçkilərinin 2017-ci ilin avqust ayında keçirilməsi qeyd olunsa da, Bəşər Əsədin istefa verəcəyi tarix açıqlanmırdı.
Con Kirbi həmçinin bunun müvəqqəti olaraq hazırlanmış plan, irəliyə doğru addımlamaq üçün potensial bir layihə olduğunu bildirərək deyib ki, Dövlət Departamentində mütəmadi olaraq analoji sənədlər hazırlanır. O, sənəddə Suriyada prezident seçkilərinin 2017-ci ildə keçirilməsinin nəzərdə tutulduğunu qeyd etsə də, bu faktın seçkinin məhz həmin tarixdə baş verəcəyi anlamına gəlmədiyini söyləyib.
Bununla belə, departament sözçüsü həmin sənəd barəsində danışarkən, sənədin Birləşmiş Ştatların proqnozunu deyil, hadisələrin mümkün gedişatını əks etdirdiyini dilə gətirib. Con Kirbi sənəddə Suriyada prezident seçkilərinin keçiriləcəyi tarix olaraq 2017-ci ilin mart ayının müəyyən edildiyini təsdiqləyib.
Vaşinqtonun Bəşər Əsədin istefa verəcəyi tarixlə bağlı mövqeyinin dəyişib-dəyişmədiyinə və bu istefadan sonra yaranmış boşluğu İŞİD nümayəndələrindən birinin tutacağı ehtimalının nə dərəcədə real olmasına dair suala da cavab verilib.
Dövlət Departamentinin rəsmisi bu istefanın ardından yaranacaq boşluqla əlaqəli narahatlığı bölüşdüyünü bildirsə də, Vaşinqtonun Bəşər Əsədlə bağlı mövqeyinin dəyişmədiyini qeyd edib.