Qəbələnin Nic qəsəbəsində Milad bayramı qeyd olundu
Bu gün bütün dünyada pravoslav xristianları tərəfindən İsa Peyğəmbərin mövludu günü, yəni Milad bayramı qeyd olunur.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ rayonunun Nic qəsəbəsinin sakinləri olan udinlər də bu günü özünəməxsus şəkildə qeyd ediblər.
Bütün xristian aləmində olduğu kimi, “Cotari” alban kilsəsində təşkil olunan tədbirdə Alban-udin icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək, Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin onlara olan diqqət və qayğısından danışıblar. Həmçinin bayram münasibətilə təbriklər səsləndirilib.
Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nicdəki “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpasının ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Məlumat verilib ki, Nic qəsəbəsində 3 kilsə və iki məscid var. Altı min nəfər əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 nəfər udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.
Qeyd edilib ki, keçmiş sovetlər dönəmində udinlərə öz milli bayramlarını qeyd etmək qadağan olunub. Ancaq ölkəmiz müstəqillik əldə etdikdən sonra onlar etnik xalq olaraq öz bayramlarını hər il qeyd ediblər. Onlara yaradılan imkanların bariz nümunəsi kimi 2002-ci ildə “Cotari“ məbədi əsaslı təmir və bərpa olunaraq udinlərin istifadəsinə verilib. Bir sözlə, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir.
Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb.