İrandan Azərbaycana mədəsində heroin keçirmək istədi
Astara rayonunda İrandan Azərbaycana narkotik keçirən şəxs saxlanılıb. Bu barədə APA TV-nin cənub bürosuna Astara Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Samir Həsənov məlumat verib.
Onun sözlərinə görə, şöbə əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Şahağacı kənd sakini, 33 yaşlı Ramil Ağaddin oğlu Qurbanov şübhəli şəxs qismində saxlanılıb.
Məlum olub ki, Ramil Qurbanov narkotik vasitəni daxili orqanlarında Astara sərhəd-buraxılış məntəqəsindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirib: "İran İslam Respublikasından Hüseyn adlı şəxsdən 7 ədəd bükümdə 42,741 qram narkotik vasitə olan heroin alaraq udub və Azərbaycan Respublikası gömrük məntəqəsindən keçirib. Ondan daxili orqanında keçirdiyi 7ədəd bükümdə heroin götürülərək qablaşdırılıb".
Həkimlərin Ramil Qurbanovun mədəsindən xaric etdikləri narkotik vasitə maddi sübut kimi götürülüb. Onun barəsində Astara Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.