Seçkilərdə "exit-poll" keçirəcək təşkilat qeydə alınıb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. APA TV-nin məlumatına görə, iclasda “exit-poll” keçirmək üçün müraciət edən təşkilatların akkreditasiyası məsələsinə baxılıb. MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi Azərbaycanda keçirilən seçkilərdə 6 dəfə "exit-poll" keçirib və bu sahədə kifayət qədər təcrübəyə və resurslara malikdir. O qeyd edib ki, "ELS" 1100 nəfərlə "exit-poll" keçirəcək. MSK “ELS” Müstəqil araşdırmalar Mərkəzi İctimai Birliyini “exit-poll” keçirmək üçün qeydə alıb.

 

İclasda "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin "exit-poll" keçirmək üçün müraciətinə baxılıb və bu müraciətdən imtina edilib. Natiq Məmmədov bildirib ki, ictimai birliyin nizamnaməsində təşkilatın seçkilərdə iştirak edə bilməyəcəyinə dair bənd var. İclasda, həmçinin Ədalət və Sosial Demokrat partiyalarının vəkilləri qeydə alınıb.

 

İclasda çıxış edən Məzahir Pənahov deyib ki, seçkiləri izləyəcək xarici və yerli müşahidəçilərin sayının 30 minə çatması beynəlxalq ictimaiyyətin Azərbaycanda keçiriləcək prezident seçkilərinə marağının göstəricisidir.

 

Müəllif | Apa.Tv