Liviyada terror aktı: ölənlərin sayı 65-i keçdi
Liviyanın Zliten hərbi təlim düşərgəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.
APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, yük maşınına yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində ölən şəxslərin arasında dinc sakinlərin də olduğu bildirilir. Partlayış nəticəsində 100-dən çox insan yaralanıb.
Məlumata görə, terrorçuların hədəfi sahil mühafizəsi xidmətinin qərargahı olub. Şəhərdə məktəblər bağlanıb, səfərbərlik elan edilib.
Məlumat üçün bildirək ki, hadisə Liviyanın paytaxtı Tripolidən 160 km şərqdə yerləşən Zliten hərbi təlim düşərgəsində baş verib.
Hadisə ilə bağlı məsuliyyəti hələlik heç bir terror təşkilatı öz üzərinə götürməyib. Amma Liviyanın hüquq-mühafizə orqanları İŞİD terror təşkilatından şübhələnir.