Zaqatala sakini 4 avtomobildən bir maşın düzəltdi - İXTİRA

Zaqatala sakini xırda tutumlu yük maşını ixtira edib.

 

APA TV-nin məlumatına görə, rayonun Danaçı kənd sakini, 27 yaşlı Abdulla Məmmədov ixtira etdiyi xırda tutumlu yük maşınını düzəldərək tam istifadəyə vermək üçün 5 ilə yaxın vaxt sərf edib.

 

Abdulla Məmmədov ixtira etdiyi maşına hətta öz adını verib. Abdulla Məmmədovun maşını düzəltməkdə məqsədi  şəxsi təsərrüfatında istifadə etdiyi at arabasını daha sərfəli texnika ilə əvəz etməkdir. O, maşının ərsəyə gəlməsi üçün 4 növ avtomobilin ehtiyat hissələrindən istifadə edib. Maşının ön daşıyıcı hissəsi "Zaporojets"ə, arxa hissəsi "Moskviç"ə, mühərrik və sürət qutusu isə "VAZ-2101"-ə aiddir. Təkərlərini isə "Mercedes"dən götürüb: "Maşını şəxsi təsərrüfatımızda istifadə etmək üçün hazırlamışam. 5 il əvvəl maşın düzəltmək fikrinə düşmüşəm. Bir neçə çertyoj çəkdim, lakin onlardan heç biri xoşuma gəlmədi. Axırıncı çəkdiyim çertyoja baxaraq bu maşını yığdım".

 

Hazırlanmasına təxminən 4500 manata qədər vəsait xərclənən avtomobilin yanacaq istifadəsi də normaldır. Maşın 100 kilometr çınqıllı yolda 10 litr, hamar asfaltda isə 6-7 litr benzin yandırır. Maşının çəkisi isə 1 ton 250 kq-dır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov