Türkiyə İran səfirinə etiraz etdi
Səudiyyə Ərəbistanında şiə ruhanisi Nimr-əl-Nimrin edam edilməsi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ər-Riyad səfəri arasında əlaqənin olduğu barədə İran mətbuatında yayılan məlumatlar rəsmi Ankaranın narazılığına səbəb olub.
APA TV-nin RBK-ya istinadən xəbərinə görə, İranın bu ölkədəki səfiri ötən gün Xarici İşlər Nazirliyinə çağırılıb və ölkəsindən bu cür məlumatların yayılmasına son qoyulması tələb olunub.
Xarici İşlər Nazirliyindən verilən açıqlamada İran dövlət orqanlarının nəzarətində olan KİV-də analoji məlumatların yayılması pislənilib. Nazirlikdən bu addımların İran xalqı qarşısında Türkiyə dövlət başçısının mənfi imicinin formalaşmasına yönəldiyi qeyd olunub.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan ötən həftə Ər-Riyada səfər edərək, kral Salman bin Əbdüləziz əs-Səudla görüş keçirib. Həmin görüş zamanı Suriya böhranının aradan qaldırılması, eləcə də enerji məsələləri müzakirə predmeti olub.