Azərbaycanda siqaretlər yenə bahalaşdı - SƏBƏB
Azərbaycanda siqaret və tütün məmulatlarının qiymətində növbəti bahalaşma baş verib.
"APA-Economics"in xəbərinə görə, tütün məmulatlarının pərakəndə satış qiymətində orta hesabla 0,5 manat artım müşahidə olunur.
Bu, ötən ilin dekabr ayının 21-də Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra ikinci qiymət artımıdır. Xatırladaq ki, dekabrın 21-də manatın 48% dəyərdən düşməsindən sonra tütün məmulatlarının qiymətində təxminən yarıbayarı bahalaşma müşahidə olunub.
Məsələyə münasibət bildirən İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev "APA-Economics"ə açıqlamasında bildirib ki, siqaretin qiyməti tənzimlənən mal və xidmətlərin qiymətləri siyahısına daxil deyil: "Tütün məmulatlarının satış qiyməti bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb və təklif əsasında formalaşır".
Bazarda böyük pay sahibi olan şirkətlərdən biri "Japan Tobacco International Baku"dan "APA-Economics"ə bildirilib ki, tütün məmulatlarının bahalaşmasına səbəb dolların real məzənnəsinin artımı ilə bağlıdır. Tütün məmulatlarının istehsalı idxala bağlı olan prosesdir. Artıq uzun müddətdir davam edən dolların bahalaşması bu sahəyə təsir etməkdədir.