Aydın Əliyev Masallıda vətəndaşları qəbul etdi

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev yanvarın 8-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, qəbulda Masallı ilə yanaşı, Astara, Lənkəran, Lerik və Yardımlı rayonlarının da sakinləri iştirak ediblər.

 

Aydın Əliyevin sözlərinə görə, qəbul zamanı 35 müraciətə baxılıb: "Müraciətlər əsasən gömrük məsələləri ilə bağlı idi. Həmçinin işə qəbul, gömrük rüsumları, gömrük rəsmiləşdirilməsi, idxal və ixrac əməliyyatları və digər məsələlərlə bağlı müraciətlər də dinlənildi. Bundan əlavə, müraciətlər sırasında vətəndaşların gömrük rəsmiləşdirilməsinə dair narazılıqları da yer almışdı. Bütün məsələlərə yerindəcə aydınlıq gətirildi".

 

Aydın Əliyev hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə tabeliyindəki strukturların rəhbərlərinə tapşırıqlarını verib.

 

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və aidiyyəti qurumlara çatdırılmaqdan ötrü nəzarətə götürülüb.

 

Müəllif | Apa.Tv