Gəncədə kafedra müdirinin evinə basqın edən şəxslər tutuldu

Gəncədə kafedra müdirinin evinə basqın edən şəxslər saxlanılıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, yanvarın 5-də Gəncə şəhərində yaşayan, Azərbaycan Dövlət Aqrar Universitetində kafedra müdiri işləyən, professor Qəmbər Abdullayevin evinə 4 nəfər maskalı şəxs nəfəslikdən daxil olub.

 

Basqınçılar səsə oyanmış ev sahibinə və onun oğlu Kənana küt alətlə xəsarət yetirərək pul verməsini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.

 

Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri - 34 yaşlı Ziyaməddin Əsgərov, əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan 39 yaşlı Samir Əsgərov, 31 yaşlı Azər Həsənov və 32 yaşlı Ceyhun İsmayılov saxlanılıblar.

 

Ziyaməddin Əsgərov: "Axşam gəldik Ceyhungilin qapısına, oradan da gəldik Qəmbər müəllimgilin evinə. Mən bağın üstündən düşdüm, Samir adlı şəxsi çağırdım gəldi, girdik evə. Qəmbər müəllim durdu üstümüzə gəldi. Gəldi məni tutdu, əlbəyaxa olduq. Mənim qolumu tutdu, əlimdə tapança var idi, arxa tərəfi ilə vurdum, bilmədim harasınasa dəydi. Elə etdim buraxdı məni. Tapançanı Ceyhun vermişdi".

 

Samir Əsgərovdan 16,15 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram 246 qram marixuana götürülüb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova