Bərdə sakini yuxuda olan arvadını qətlə yetirib

Bərdədə arvadını qətlə yetirən ər tutulub. APA TV-nin məlumatına görə, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. 35 yaşlı Rəhimov Zülfüqar Rəhim oğlu həyat yoldaşı, 30  yaşlı Rəhimova Gülnar Füzuli qızını səhər saatlarında yuxuda olan zaman bıçaqlayıb.

 

Zülfüqar Rəhimovun ailə üzvləri evin gəlini Gülnar Rəhimovanı xəstəxanaya çatdırmaq istəsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Kənd sakinlərinin APA TV-yə verdiyi xəbərə görə Zülfüqar və Gülnarın qohumluq əlaqələri olub. Onlar əmi nəvəsidir. Zülfüqarın psixoloji problemləri olsa da, ailə Gülnara və onun 3 uşağına sahiblənməyə çalışıb. Hadisə baş verən gecə onlar ayrı-ayrı otaqlarda yatıblar. Zülfüqar həyat yoldaşına 2 bıçaq zərbəsi endirdikdən sonra qaçmağa cəhd edib. Onu polisə öz ailəsi təhvil verib. 

 

Bərdə rayon prokurorunun böyük köməkçisi Bilal Məmmədovun sözlərinə görə, hadisə səhər saatlarında baş verib: “Saat 05.30 radələrində Rəhimova Gülnar Füzuli qızının boyun və döş qəfəsindən bıçaqlanması ilə əlaqədar Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanılıb. Mərhum Gülnar Rəhimovanın əri, 1980-ci ildə anadan olmuş Rəhimov Zülfüqar Rəhim oğlu şübhəli şəxs qismində saxlanılıb”.

 

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv