Bacısının evindən 2000 manat oğurladı, həbs olundu

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları bacısının evindən oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

 

APA TV-nin məlumatına görə, Abşeron rayon sakini, 25 yaşlı Orxan Aydın oğlu Cəfərov doğma bacısının şikayəti əsasında saxlanılıb. Polisə müraciət edən zərərçəkmiş, evindən 2000 manatın oğurlandığını bildirib. Polis əməkdaşlarının kimdən şübhələndiyi ilə bağlı sualına qadın birmənalı şəkildə və israrla “qardaşımdan şübhələnirəm” cavabını verib.

 

Saxlanılaraq polis idarəsinə gətirilən 25 yaşlı Orxan Cəfərov bacısının evindən pul götürdüyünü etiraf edib. Onun sözlərinə görə, pul bacısına yox, mərhum atasına məxsus olub.

 

“Bacımla yaşayırdım. Evdə atadan-anadan miras qalmış pul var idi. O pulu götürdüm, istədim özümə maşın alım, işləyim. Bacım da gəldi şikayət elədi, tutuldum. Evdə idim, elə evdən götürdülər. Pulu götürmüşdüm, oğurlamamışdım”.

 

Orxanın sözlərinə görə, bacısı onu ata evinə qeydiyyata salmaqdan imtina edib. Ata mülkündən məhrum olan qardaş, oğurluğa əl atmaq qərarına gəlib.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv