Meksikada "Cırtdan" ləqəbli narkobaron tutuldu

Meksika polisi ötən ilin iyulunda həbsdən qaçmağa müvəffəq olmuş narkobaron Hoakin Qusman Loeranı həbs etməyə müvəffəq olub. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə ölkə prezidenti Enrike Penya Nyeto özünün "Twitter" səhifəsində məlumat verib.

Onun yaxın günlərdə Birləşmiş Ştatlara ekstradisiya olunacağı ehtimal olunur. Meksika hökuməti ABŞ-ın bununla bağlı müvafiq sorğusunu müsbət cavablandırıb. Birləşmiş Ştatlarda Hoakim Qusman xüsusilə ağır cinayətlərdə ittiham olunur və günahı sübut olunarsa, onu bir neçə yüz il həbs cəzası gözləyir.

Xatırladaq ki, Qusman 2015-ci ilin iyul ayında Mexiko ştatındakı xüsusilə ciddi rejimli "Altiplano" həbsxanasından 1,5 kilometr uzunluğundakı tunel vasitəsilə qaçmağa müvəffəq olub. Hökumət narkobaronun yerini söyləyən şəxsə hətta bir neçə milyon dollar mükafat da vəd edib.

Müəllif | Apa.Tv
Apa.tv