Azərbaycanda "donuz qripi"nə yoluxan şübhəli xəstə qeydə alınmayıb - RƏSMİ AÇIQLAMA
Azərbaycanda nə ötən il, nə də bu ilin ötən dövrü ərzində ağır şübhəli xəstə qeydə alınmayıb. Labarator müayinələr göstərir ki, aşkar olunan xəstələr adi respirator virus infeksiyalarına yoluxublar. Bu fikirləri APA TV-yə açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, hal-hazırda bu məsələ ilə bağlı sərhəd-keçid məntəqələrində yoxlamalar aparılır.
"İran ərazisində olub hadisələr, bir iki gün bundan qabaq məlumat oldu ki, Türkiyənin Adana vilayətində 3 hadisə qeydə alınıb. Bununla əlaqədar olaraq sərhəd keçid məntəqələrində həm daxil olan nəqliyyat vasitələrin dezinfeksiyaları aparılır, eyni zamanda həmin sərhəd keçid məntəqələrindən keçən vətəndaşlar nəzarət altında saxlanılır. Şükürlər olsun ki, verilən məlumatlara görə, bizim əraziyə həmin ölkələrdən xəstə şəxslər keçməyib və bu xəstəliyin heç bir əlaməti aşkar edilməyib".
Afaq Əliyeva bildirib ki, Səhiyyə Nazirliyinin bununla bağlı əmri var. Rayon xəstəxanalarında da şərait yaradılıb ki, hər hansısa bir şübhəli xəstə aşkar olunarsa, onların müalicəsi yüksək səviyyədə təmin olunsun.
"Azərbaycanda Səhiyyə Nazirliyinin müvafiq əmri var. İranda analoji hadisələr qeydə alınanda nazirlik tərəfindən müvafiq əmr imzalanıb və virus infeksiyalarına, qripə qarşı kəskin respirator virus infeksiyalara qarşı bütün aparılan tədbirlərin daha da gücləndirilməsi nəzərdə tutulub. Bütün klinik xəstəxanalarda, Rayon Mərkəzi Xəstəxanalarında şərait yaradılıb, hər hansı bir şübhəli xəstə aşkar olunarsa, həmin xəstələrin, onların müalicəsi tam yüksək səviyyədə təmin olunacaq. Lazımi dərman preparatları və ləvazimatlar yüksək səviyyədə təmin olunub".
Qeyd edək ki, Türkiyədə AH1N1 virusu daşıyanların sayının artması ilə əlaqədar son iki gündə 35 nəfər yüksək hərarət və qusma şikayətləri ilə xəstəxanalara müraciət edib. Onlardan beş nəfər dünyasını dəyişib.