İsmayıllıda qadın dəm qazından zəhərlənib
İsmayıllı rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 40 saylı mənzildə qeydə alınıb. Şəhər sakini, 1992-ci il təvəllüdlü Vahidova Elnarə Mübariz qızı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısından içəri daxil olan dəm qazından zəhərlənib. Ailə üzvləri onu hamamda huşsuz vəziyyətdə aşkar ediblər və dərhal evə həkim çağırıblar. Bir uşaq anası Elnarə Vahidova sonra təcili olaraq İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti normallaşıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılıb.