Dünyanı piyada gəzən hollandiyalı Azərbaycana çatdı - VİDEO

Hollandiya vətəndaşı  Bart Jan Van Rossum beş aydan çoxdur ki, piyada dünya səyahətinə çıxıb. APA TV-nin yerli bürosunun məlumatına görə, səyahətçinin yolu cənub bölgəsinin rayonlarından keçib. Bart Jan Van Rossum səyahətə çıxmaq fikrinin onda bir müddət öncə Türkiyədə olduğu zaman yarandığını söyləyib. İlk səyahətinə də o, məhz İstanbul şəhərindən başlayıb. Azərbaycanda olduğu 20 günlük müddətdə  əcnəbi turist piyada səyahət etməklə çoxlu bilgilər əldə etdiyini  deyib.

 

"Məncə, piyada səyahət etməklə ölkəni daha çox görmək olur. Əlbəttə ki, çox asta səyahət edirəm, amma hər yeri görə bilirəm. Həmçinin mən yol boyu  çoxlu insanlarla görüşdüm, sizin insanlar çox səmimidirlər.

 

Səyahəti dövründə əcnəbi səyyah hava şəraitinə uyğun olaraq  ya çadırda, ya da oteldə gecələyir. Səyahətinin hər ayı ona 700 avroya başa gəlir. Gün ərzində ən azı 30-40 kilometr məsafə qət etsə də, çətinliklərlə də üz-üzə gəlir.

 

"Piyada gəzmək yaxşıdır. Ayaqlarımı hərəkət etdirirəm, amma bəzən çətinliklər də olur. Uzun və heç nə olmayan yolları addımlamaqdan  adam lap bezir".

 

Qeyd edək ki, həvəskar səyyah Azərbaycandan sonra İran və Türkmənistandan keçməklə səyahətini Çində başa vurmağı planlaşdırıb.

 

Müəllif | Apa.Tv