Prezident İlham Əliyev: “Süni bahalaşmaya son qoyulmalıdır”

“2015-ci ildə neftin qiymətinin düşməsi və manatın devalvasiyaya uğraması Azərbaycanda iqtisadi proseslərə də təsir edib. Bunun səbəbi kənarda yaranıb, neftin qiymətinin azalması iqtisadi yox, siyasi amillərlə bağlıdır”.

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 

"Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb, ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz çoxalıb. Qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Bu məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir və aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir. Keçən il Azərbaycan iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Qoyulan sərmayənin yarısı xarici sərmayədir və bu da çox müsbət haldır. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni 2015-ci ildə bütün bu geosiyasi və iqtisadi amilləri nəzərə alaraq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir” - deyən dövlət başçısı qeyd edib ki, bütün sosial proqramlar, o cümlədən sosial infrastruktur layihələr icra olunur, yeni iş yerləri açılır, regionların inkişafı ilə bağlı tədbirlər görülür.

 

Prezident son vaxtlar müşahidə olunan süni qiymət artımından da söz açıb: "İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır. Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar süni şəkildə qiymətləri qaldırmaq istəyirlər. Hələ ki, Azərbaycan özünü ərzaq məhsulları ilə 100 faiz təmin edə bilməyib. Ancaq Azərbaycanda istehsal edilən ərzaq məhsullarında qiymət artımı mümkün deyil, olmamalıdır. Mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar manatın məzənnəsi məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır.  Süni bahalaşmaya son qoyulmalı, çox ciddi cəza tədbirləri görülməlidir. Biz, sadəcə, cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları bu məsələ ilə çox ciddi məşğul olsunlar, bu vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Bu, mətbuatda işıqlandırılmalıdır”.

 

Müəllif | Apa.Tv
Apa.tv