Müsəlmanlar Donald Trampla görüşdən qovuldu

Birləşmiş Ştatlar prezidentliyinə namizəd, milyarder Donald Trampın Cənubi Karolina ştatındakı seçicilərlə görüşündə qalmaqal baş verib.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, mühafizəçilər ilk olaraq Cibril Haf adlı görüş iştirakçısını "Problem islamda deyil!" şüarını səsləndirdiyi üçün salondan zorla çıxarıb.

 

Bundan sonra Rouz Həmid adlı bir xanım da hicab və üzərində "Salam, mən sülh üçün gəlmişəm!" yazısı olan paltar geyindiyi üçün görüşdən qovulub: "Mən görüşü pozmaq fikrində olmamışam. Eyni zamanda, heç kimə problem yaratmaq fikrim də olmayıb. Əsas məqsədim Donald Trampın dediklərinin prezidentliyə namizədə yaraşmayan fikirlər olduğunu izah etmək olub".


Donald Tramp islamofobiyanı özünün seçki kampaniyasının əsas mövzularından birinə çevirib. Namizəd olduqdan sonra o, müsəlmanların Birləşmiş Ştatlar ərazisinə buraxılmasına qadağa tətbiq edilməsi tələbi ilə də çıxış edib.


Qeyd edək ki, ABŞ-ın nəhəng müsəlman təşkilatı olan Amerika-İslam Dünyası Əlaqələri üzrə Şura Donald Trampın Rouz Həmiddən rəsmən üzr istəməsini tələb edib.

Müəllif | Apa.Tv
Apa.tv