Vasif Talıbovun həyat yoldaşı təcili Türkiyəyə aparıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun həyat yoldaşı Sevil Talıbova "donuz qripi"nə yoluxma təhlükəsi ilə təcili Türkiyəyə aparılıb.
APA TV-nin "Milliyet"ə istinadən xəbərinə görə, 55 yaşlı Sevil Talıbovanın yerləşdirildiyi yerli xəstəxanada səhhəti daha da ağırlaşıb.
Talıbovanın ailəsi Türkiyə Səhiyyə Nazirliyindən yardım istəyib. Türkiyədən gələn həkimlərin ilkin müdaxiləsindən sonra xəstə ECMO adlanan cihaza qoşulub. Həmin cihazdan ağciyərlər funksiyasını yerinə yetirmədikdə və ya ürək fəaliyyəti dayandığı halda istifadə edilir. S.Talıbova helikopterlə İbn Sina Xəstəxanasına götürülüb. Vasif Talıbov və uşaqları isə digər helikopterlə Ankaraya uçublar.
Ağciyərində problem yaranan diabet xəstəsi S.Talıbovanın hazırda səhhətinin yaxşılaşdığı qeyd edilir.
Qeyd edilir ki, S.Talıbova Türkiyəyə xaricdən ECMO cihazı ilə gətirilən ilk xəstə olub.