Ərəb dövlətləri İrana qarşı birləşdi
Səudiyyə Ərəbistanının təşəbbüsü əsasında bu ölkənin Tehrandakı diplomatik nümayəndəliyinə edilən hücumun pislənməsi məqsədilə, Ərəb Dövlətləri Liqasının fövqəladə toplantısı keçirilib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, islamın şiə qanadının hökmranlıq etdiyi İranla Səudiyyə Ərəbistanı arasında gərginlik yanvar ayının əvvəlində, şiə ruhanisi Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsindən sonra alovlanıb. Ən-Nimr yanvarın 2-də edam cəzasının icra edildiyi 47 müttəhimdən biri olub.
Səudiyyə tərəfi bildirib ki, beynəlxalq hüquq və diplomatik missiyaların təhlükəsizliyinə təminat verən Cenevrə Konvensiyasının tələblərini pozduğuna görə bu terror aktı və bundan sonra yaşanan aqressiv hərəkətlərə görə məsuliyyəti bilavasitə İran daşıyır.
Fövqəladə toplantıda İranla bağlı qəbul edilən qətnaməni yalnız Livan dəstəkləməyib. Buna baxmayaraq, politoloqlar ərəb dövlətləri arasında İran məsələsində vahid mövqenin olmadığı qənaətindədir.
Qeyd edilir ki, bu böhranın bir sıra ərəb ölkələri arasında əlaqələrin tamamilə kəsilməsinə səbəb olacağına inandırıcı görünmür. Çünki İran məsələsində adı çəkilən dövlətlərin ümumi fikir ortaqlığı mövcuddur. Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri İranın ərəblərin daxili işinə qarışdığı qənaətindədirlər.