Balakəndə ərzaq mağazalarından oğurluq edən şəxslər tutuldu
Balakən rayonunda ərzaq mağazalarından oğurluq edən şəxslər həbs edilib.
APA TV-nin məlumatına görə, bir qrup rayon sakini Balakən RPŞ-yə özlərinə məxsus ərzaq mağazalarından oğurluq olması haqında müraciət edib.
Müraciət əsasında Balakən RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakinlərinə məxsus ərzaq mağazalarından ayrı-ayrı vaxtlarda oğurluq etmiş şəxslərin Balakən rayon sakinləri - əvvəllər məhkumluq həyatı yaşayan 1972-ci il təvəllüdlü Kamran Abdul oğlu Vasayev və 1981-ci il təvəllüdlü Əhməd Vəli oğlu Musayev olması müəyyən olunub. Hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Kamran Vasayev və Əhməd Musayevin ətrafında aparılmış istintaq tədbirləri nəticəsində məlum olub ki, onlar 2015-ci il dekabrın 12-də Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən “Dəniz” marketdən, dekabrın 23-də Talalar kənd sakini Nəzakət Mustafayeva və Solmaz Nəsibovaya məxsus ərzaq mağazalarından, 2016-cı il yanvarın 6-da yenə rayonun Talalar kəndində Şumeysət Kiçiliyevaya məxsus, Katex kəndində Sahibə Xulduyevaya məxsus ərzaq mağazasından və yanvarın 8-də Talalar kəndində Məhəmməd Əhmədova məxsus ərzaq mağazasından müxtəlif növ ərzaq məhsulları oğurlamaqla adları çəkilən sahibkarlara ümumilikdə 4000 manat məbləğində ziyan vurublar.
Faktla bağlı Balakən RPŞ-nın istintaq bölməsində araşdırma aparılır.