Azərbaycan prezidenti transformatorlar zavodunun açılışında iştirak edib

Yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.

 

APA TV-nin məlumatına görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və “ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavod, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu barədə məlumat veriblər.

 

Bildirilib ki, bunlardan başqa, şirkətin layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var. Şirkətin transformatorlar zavodu 2005-ci, metal konstruksiya zavodu isə 2011-ci ildən fəaliyyət göstərir.

 

Prezident İlham Əliyevə şirkətin Azərbaycanda və xaricdə gördüyü işlər, ixrac imkanları və perspektivləri barədə məlumat verilib.

 

Prezident İlham Əliyev iri qabaritli transformatorlar zavodunu işə salıb.

 

Məlumat verilib ki, ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Cənubi Qafqazda analoqu olmayan, dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqla təchiz edilmiş zavodda yüksək keyfiyyətli məhsul hazırlamaq üçün bütün şərait var. Burada 300 nəfər işlə təmin edilib.

 

Qeyd edilib ki, ərazisi 130 min kvadratmetr, istehsal gücü illik 8700 ədəd transformator, müxtəlif növ elektrotexniki avadanlıqlar və 20 min ton metal konstruksiya olan bu şirkətin digər zavodlarının maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib.

 

Sonra prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.

 

Qeyd edilib ki, zavodun ümumi sahəsi 20 min kvadratmetr olacaq. Müəssisədə müasir avadanlığın quraşdırılması nəzərə tutulur ki, bu da keyfiyyətli və rəqabətə davamlı məhsul əldə etməyə imkan verəcək. Yeni yaradılacaq müəssisənin istehsal gücü illik 3,4 min müxtəlif avadanlıq, o cümlədən daxili və xarici tip eleqaz açarlar, ayırıcılar, paylayıcı qurğular olacaq. Şirkətin zavodlarında orta aylıq əməkhaqqı 500 manat olmaqla 2024 nəfər işlə təmin edilib. Yeni zavodun istifadəyə verilməsindən sonra bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur.

 

Prezident görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

Müəllif | Apa.Tv
Apa.tv