Boşanmağa bir həftə qalmış 2000 manat verərək arvadını öldürtdü - SİFARİŞLİ QƏTLİN TƏFƏRRÜATLARI

Bakıda törədilən sifarişli qətlin təfərrüatları məlum olub. Hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, qətlin sifarişçisi Rüstəm Rzayev sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

 

Hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Sevil Rzayevanın yaşadığı evdə naməlum şəxslər tərəfindən qətlə yetirildiyi barədə 15-ci polis bölməsinə əməliyyat məlumatı daxil olub. Qadının yaşadığı mənzilə baxış keçirilərkən meyitin baş nahiyəsində küt alətlə zərbə yerləri aşkarlanıb.

 

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin qadının həyat yoldaşının sifarişi əsasında həyata keçirildiyi müəyyənləşib. Həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan Rüstəm Rzayev ondan ayrılmağa qərar verib. Oğlu Ruslan Rzayev də atası evə gəldiyi zaman anasının onunla mübahisə etdiyini, tez-tez polisə zəng vurduğunu bildirib: “Yola getmirdilər, anam da tez-tez polisə zəng edərdi”.

 

Sevil və Rüstəm Rzayevlərin boşanmasına dair məsələnin baxılacağı məhkəmə iclası yanvarın 18-nə təyin olunub. Ərinin ondan boşanmasında israrlı olduğunu görən S.Rzayeva həyat yoldaşından ona məxsus evdən və obyektdən pay verməsini tələb edib. Qeyd edək ki, birgə nikah dövründə ərazidə yerləşən ev və iaşə obyektləri əri tərəfindən tikilsə də, torpaq sahəsi mərhum Sevil Rzayevanın rəhmətlik atasına məxsus olub.  Ehtimala görə, Rüstəm Rzayev mülkündən pay verməmək üçün qadını öldürtmək qərarına gəlib. Ailədə daim münaqişələrin olduğunu qonşular da təsdiqlədilər: “Mübahisə edərdilər. İstəmirdi qadın yaşasın. Kişi onunla heç dolanmırdı”.

 

Araşdırmalar zamanı məlum olub ki, Rüstəm Rzayev arvadını qətlə yetirtmək üçün Elşad Həsənov və onun qohumu Kərim Həsənova 5 min manat təklif edib. Sonradan tərəflər 2 min manata razılaşıblar. Elşad və Kərim Həsənovlar evə pəncərədən daxil olmağa, qadının guya intihar etdiyi görüntüsü yaratmağa söz veriblər. Onlar müəyyən olunan vaxt Sevil Rzayevanın evinə pəncərədən daxil olublar. Onlar çarpayıda uzanmış qadının başına bellə üç zərbə endirərək qətlə yetirib, sonra pəncərədən çıxaraq qaçıblar.

 

Həyata keçirilən tədbirlər nəticəsində R.Rzayev, E.Həsənov və K.Həsənov tutularaq istintaqa təhvil veriliblər.

 

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv