Göygöldə toy evindən oğurluq: pul və qızıl zinət əşyaları aparıldı

Göygöldə yaşayış evindən oğurluq edilib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıməlik kəndində İlhanə Bağırovaya məxsus evdə qeydə alınıb.

 

Ev sahibinin dediyinə görə, oğlunun toy günü hamı şadlıq evində olub. Evdə heç kəs qalmayıb: "Onun yarısı biz evə qayıtdıq. Bütün qapılar bağlı idi. Küçə qapısında qıfıl var idi. Qıfılı açıb içəri girəndə gördük ki, "podyez" qapısı açıqdır. Mənə sorğu elədilər ki, "podyez" qapını açıq qoymusan, dedim yox. Dedilər evin qapıları da açıqdır, evə deyəsən adam girib".

 

İlhanə Bağırovanın sözlərinə görə, içəri daxil olanda evin darmadağın olunduğunu görüb. Birinci mərtəbədən pəncərənin dəmir çərçivəsini aralayan oğrular ikinci mərtəbəyə qalxaraq yataq otağında olan sandığın içini axtarıblar: "Sandığın ağzını açıblar. Oradan 1 milyon 200 min rus rublu, bir də gəlinimə aldığım sırğa üzüyü götürüb aparıblar".

 

Zərərçəkən dərhal 102 xidmətinə zəng vurduğunu və Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının evə gələrək oğruların müəyyən olunması istiqamətində tədbirlər həyata keçirdiklərini bildirib. Ev sahibəsi şübhələndikləri şəxslərin adlarının da polisə təqdim edildiyini deyib.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli