Zəlimxan Yaqub I Fəxri Xiyabanda dəfn olundu

Hazırda Fəxri Xiyabanda mərhum xalq şairi Zəlimxan Yaqubun dəfn mərasimi keçirilir. Mərasimdə dövlət və hökumət nümayəndələri, şairin qələm dostları iştirak edir.

 

Onunla vidalaşmağa qələm dostları, eləcə də Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri gəlmişdi. Hər biri mərhum söz adamı ilə bağlı fikirlərini bölüşür, Zəlimxan Yaquba Allahdan rəhmət diləyirdilər.

 

Aşıq Telli Borçalı: "Mən ona Allahdan rəhmət diləyirəm. Yeri nur olsun, cənnət olsun. Deyir:

 

Hədər vermə bircə anı,

Səninkidir ruhu, canı,

Ucuz tutma Zəlimxanı,

İtirərsən, tapammazsan.

 

Doğrudan da biz Zəlimxanı bu gündən sonra tapa bilməyəcəyik. Ancaq xəyallarımızda, ancaq onun şeirlərində. Zəlimxan ürəklərə, bax, belə həkk olundu, getdi. Çünki qədərdən qaçmaq olmaz".

 

Aşıq Zülfiyyə İbadova: "Elə bir insan gedib ki, dünyadan, ağlamamaq, sızlamamaq, göynəməmək mümkün deyil. Zəlimxan Yaqub - onu sevməyən insan yox idi həyatda. Mən elə başa düşürəm ki, "Zəlimxan Yaqub dünyasını dəyişdi" sözünü heç dilimə gətirib demək istəmərəm. Nə qədər ki, dünyamız var, nə qədər ki, sazımız-sözümüz var, Zəlimxan Yaqub bütün saz sənətini sevənlərin, yaşayanların qəlbində yaşayacaq".

 

Aşıq Ədalət Nəsibov: "Adicə bir canlının, hamısının qədrini başa düşən, onun fikrini bilən, danışdığını duyan, göydə uçan quşun da dilini bilən idi Zəlimxan. Allah ona rəhmət eləsin, başımız sağ olsun, türk xalqının başı sağ olsun. Zəlimxanın qəbrinə də qurban olum".

 

Zəlimxan Yaqub təbiət, gözəllik vurğunu idi. Onun Azərbaycan təbiətinə olan hədsiz sevgisi zaman-zaman şeirlərində də öz əksini tapırdı.

 

Atəş Allahındı, isti Allahın,
Ocaq Allahındı, tüstü Allahın,

Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın altı bizimdir.

 

Elə özünün də yazdığı kimi, şairin son ünvanı I Fəxri Xiyabandakı yaşıl ağacın kölgəsi oldu. Allah rəhmət eləsin!

 

Müəllif | Apa.Tv
Apa.tv