Rusiyada baykeri öldürən Bəxtiyar Əliyev azadlığa buraxılıb - MƏHKƏMƏDƏN GÖRÜNTÜLƏR
Ötən il Moskva vilayətinin Sergiyev Posad şəhərində bayker Leonid Frolovu bir yumruqla öldürən azərbaycanlı Bəxtiyar Əliyev azadlığa buraxılıb. APA TV-nin məlumatına görə, bilməyərəkdən törədilən qətlə görə cəzasını ümumi rejimli koloniyada çəkməklə bir il müddətinə azadlıqdan məhrum edilən Bəxtiyar Əliyevin işinə yenidən məhkəmədə baxılacaq. Proses dünən başlamalı olsa da, məhkəmə oktyabrın 15-dək təxirə salınıb.
Öldürülən Leonid Frolovun dostları Bəxtiyar Əliyevin həbsxanadan vaxtından bir gün əvvəl buraxıldığını və artıq Azərbaycana qayıtdığını bildirirlər. Onlar hətta Azərbaycanda Bəxtiyar Əliyevin həbsdən çıxmasının təntənəli şəkildə qeyd olunduğunu deyirlər.
Hüquq-mühafizə orqanları Bəxtiyar Əliyevin azadlığa buraxılması faktını təsdiqləyib, lakin onun həbsxananı vaxtından bir gün əvvəl tərk etməsi xəbərini təkzib ediblər. Polisdəki mənbələr “İnterfaks”a soydaşımızın artıq Azərbaycana qayıtdığını təsdiqləyiblər.
Xatırladaq ki, Bəxtiyar Əliyevin bir il azadlıqdan məhrum olunması ilə bağlı hadisə ötən il iyunun 30-da Serqiyev Posad şəhərinin “Merkuri” bazarında baş verib. Qarpız satışı ilə məşğul olan Azərbaycan vətəndaşı Bəxtiyar Əliyev onlardan haqq tələb edən baykerlərlə mübahisə edib və mübahisə zəminində Leonid Frolov adlı baykerə yumruq vurub. Zərbədən səndələyən Frolov yerə yıxılıb və başı səkiyə dəyib. O xəstəxanaya çatdırılsa da, həkimlər baykerin həyatını xilas edə bilməyiblər. Bəxtiyar Əliyev hadisə yerindən qaçıb. İki ay sonra Frolovun qatilinin hələdə həbs olunmamasına etiraz edən 3 yüzlərlə bayker Moskvanın mərkəzində aksiya keçirib, yalnız bundan sonra Bəxtiyar Əliyevi tutmaq mümkün olub. Serqiyev Posad şəhər məhkəməsi Bəxtiyar Əliyevin qətli ehtiyatsızlıqdan törətdiyi qənaətinə gəlib və soydaşımızı bir il müddətinə azadlıqdan məhrum edib.