Cəlilabadda bir kəndin sakinləri yolsuz qalıb
Cəlilabad şəhəri ilə rayonun Uzuntəpə kəndini birləşdirən körpünün bağlanması yerli sakinləri yolsuz qoyub.
APA TV-nin cənub bürosunun məlumatına görə, ötən ilin noyabrında intensiv yağan yağışların, eləcə də dağlardan axan sel sularının sözügedən ərazidəki su bəndinə dolması nəticəsində bəndin aşması təhlükəsi yaranıb.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Cəlilabad Rayon İcra Hakimiyyəti və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC) mütəxəssislərinin keçirdikləri birgə operativ müşavirədən dərhal sonra Cəlilabad şəhərinin aşağı hissəsində və Uzuntəpə kəndində fərdi yaşayış evlərinin, ictimai obyektlərin su altında qalmaq təhlükəsini sovuşdurmaq üçün bəndin bir hissəsindən şlüz açmaqla suyun istiqamətinin dəyişdirilməsinə qərar verilib.
Məhz əlavə su xəttinin açılması ilə yüzlərlə ailə sel fəlakətindən qurtulub. Sakinlərin rahatlığını təmin etmək üçün həmin yerdə piyada keçidi də qurulub. Həmçinin daxili imkanlar hesabına bənddə sahilbərkitmə işləri görülüb.
Bununla belə, həmin vaxtdan 3 aya yaxın müddətin keçməsinə baxmayaraq, körpünün hələ də avtomobillərin üzünə bağlı qalması sakinlərin narazılığına səbəb olub.
Əmirxan Kazımov, yerli sakin: “Bu yoldan təxminən 4000 min əhali istifadə edir, o cümlədən Hamaraqışlaq, Xəlilabad və digər kəndlərin sakinləri gəlib keçirdi”.
Etibar Kərimov, yerli sakin: “Məktəb uşaqları məcbur qalıb özləri ilə əlavə ayaqqabı götürürlər. Məktəbə çatanda həyətlərə girib, çirkli ayaqqabılarını dəyişirlər. Burdan maşınlar da keçə bilmir. Ona görə də biz məcburən yuxudan bir saat tez oyanaraq, uzaqdakı digər alternativ körpü ilə çayı keçib işə getməli oluruq. Əlavə bir saat vaxt itiririk”.
Cəlilabad Rayon Su-Meliorasiya İdarəsinin rəisi Mirdaməd Məmmədov APA TV əməkdaşının sualına cavabında bildirib ki, mövcud vəziyyətlə bağlı rayon rəhbərliyi tərəfindən respublika Nazirlər Kabinetinə müraciət olunub. Nazirlər Kabineti isə öz növbəsində Meliorasiya və Su Təsərrüfatı ASC-yə və Kənd Təsərrüfatı Nazirliyinə tapşırıqlarını verib. Çox güman ki, yaxın vaxtlarda yol təmir olunacaq və körpü nəqliyyat vasitələrinin istifadəsinə veriləcək.