İraqda silsilə partlayışlar: 49 ölü
İraqda ardıcıl törədilən terror aktları nəticəsində 40-dan çox adam ölüb. APA TV-nin xəbərinə görə, terror aktlarına görə məsuliyyəti “İraq Şam İslam Dövləti” terror təşkilatı üzərinə götürüb.
İlk partlayış Bağdadın şiə məhəlləsində törədilib. Terrorçular əvvəlcə ticarət mərkəzinin qarşısında avtomobil partladıblar, ardınca isə binada insanları girov götürüblər. Terrorçuların sayı 20-yə yaxın olub. İraq polisi danışıqlardan imtina edib və binaya hücum olub. Nəticədə terrorçuların hamısı məhv edilib. Günahsız insanların tələf olmasından da yayınmaq mümkün olmayıb: 19 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb.
Əl-Məqdadiyə şəhərində isə terrorçular kafeyə hücum ediblər. İlk partlayış kafenin özündə baş verib. Xilasedicilər və həkimlər hadisə yerinə gəldikdən sonra isə intiharçı-terrorçu partlayıcı quraşdırılmış maşını partladıb. Nəticədə 23 nəfər ölüb, 40-a yaxın adam xəsarət alıb.
Daha bir partlayış Bağdad yaxınlığında törədilib. Bu terror aktında 7 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb.