Bakıda işgəncə ilə öldürülən şəxs DSK sədrinin oğlu imiş

Bakıda işgəncə ilə öldürülən şəxslə bağlı bəzi faktlar məlum olub.

 

APA-nın əldə etdiyi məlumata görə, yanvarın 7-də paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsi ev 4, mənzil 46 ünvanında qətlə yetirilən Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.

 

V.Abbasov APA-ya açıqlamasında oğlunun qatillərinin hələ tapılmadığını bildirib. O qeyd edib ki, oğlu bir aydan çox müddətdir tək yaşayıb. Övladının ailəsində söz-söhbət olub və həyat yoldaşı uşaqları da götürüb evdən gedib. Fəridin səhhətində də problemləri olub. Şuşadan olduqlarını deyən Vahid Abbasov oğlunda Qarabağ müharibəsində atılan top mərmilərinin səsindən psixoloji problemlər əmələ gəldiyini, onu dəfələrlə müalicə etdirdiyini vurğulayıb. Səhhət problemləri ilə əlaqədar oğlunun işləmədiyini deyən valideyn onun paltarını, yeməyini özünün aldığını bildirib. Onun kimlərlə ünsiyyətdə olduğunu isə bilmədiyini deyib.

 

Qeyd edək ki, yanvarın 7-də Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti kirayədə yaşadığı Nizami rayonu R.Rüstəmov küçəsindəki mənzildə tapılıb.

Müəllif | Apa.Tv
Apa.tv