Rusiyada 2,5 milyon dolları oğurlanan azərbaycanlı Dubaya villa almağa gedirmiş - YENİ TƏFƏRRÜATLAR
Rusiyada Azərbaycan vətəndaşının 2,5 milyon dollarının qarət olunmasının təfərrüatları məlum olub. APA TV xəbər verir ki, soydaşımız istintaqa verdiyi ifadədə “Pulkovo-2” hava terminalına Dubaya uçmaq üçün gəldiyini deyib. Yoxlanlmamış məlumata görə, Dubaya aparılan pullar daşınmaz əmlak almaq üçün nəzərdə tutulubmuş. Azərbaycanlı, həmçinin ona hücum edən dörd maskalı şəxsin özünü təhlükəsizlik orqanlarının əməkdaşları kimi təqdim etdiyini deyib. Hücum edənlərin əynində qara rəngli hərbi uniforma, başlarında isə hərbi qüvvələrdə istifadə olunan xüsusi qara maska olub.
Xatırladaq ki, sentyabrın 11-də Sankt-Peterburqda Azərbaycan vətəndaşının 2,5 milyon dollar pulu oğurlanıb. Qarət olunan azərbaycanlının adı açıqlanmır, onun yalnız 28 yaşı olduğu, Moskvanın Nevski rayonunda yaşadığı bildirilir. Hadisədən iki həftə sonra hüquq-mühafizə orqanlarına kömək üçün müraciət edən azərbaycanlı “Pulkovo-2” hava terminalının yanından keçən şose yolda dörd masqalı şəxsin hücumuna məruz qaldığını deyib. Qara geyimli maskalılar soydaşımızın boyun nayihəsinə küt alətlə zərbə endirib, daha sonra onu “Hyundai” markalı mikroavtobusa mindirərək Şuşarı yaşayış məntəqəsinə aparıblar. Onlar Azərbaycan vətəndaşının çantasını əlindən alaraq maşın hərəkətdə ikən Nikolayev keçidi ilə Avtozavodsk küçələrinin kəsişməsində soydamışımızı maşından atıblar. Azərbaycan vətəndaşı ərizəsində oğurlanan çantanın içərisində 2,5 milyon dollar pul və sənədlərin olduğunu bildirib. O pulların özünə məxsus olduğunu deyib.
Heç bir yerdə işləməyən Azərbaycan vətəndaşında bu qədər pulun haradan olması və polisə nə üçün iki həftə sonra müraciət etməsi Rusiya mətbuatında ciddi müzakirə olunur. Hüquq-mühafizə orqanları 2,5 milyon dollar pulu oğurlanan şəxsin kriminal və ya etnik qruplaşmanın kuryeri olduğunu güman edirlər. Hesab edilir ki, məhz bu səbəbdən qarət olunan şəxs hadisə ilə bağlı polisə dərhal müraciət etməyib. Soydaşımız çox güman ki oğurlanan pulu öz kanalları vasitəsilə qaytarmağa cəhd edib, bu mümkün olmadıqda polisə müraciət etmək məcburiyyətində qalıb.