Putin: "Əsədə sığınacaq vermək su içmək qədər asandır"
Rusiya prezidenti Vladimir Putin Almaniyada nəşr olunan "Bild" qəzetinə müsahibə verib. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, Kreml rəhbəri Suriya prezidenti Bəşər Əsədə Rusiya ərazisində sığınacaq verilməsi ehtimalına da münasibət bildirib.
Onun sözlərinə görə, bunu etmək Edvard Snoudenin məsələsindən daha asan olacaq. Putin hazırda Suriyada keçiriləcək prezident seçkilərində məğlub olacağı təqdirdə, Bəşər Əsədə sığınacaq verilməsi məsələsini müzakirəyə çıxarmağın hələ tez olduğu qənaətindədir.
Bununla belə, o, rəsmi Moskvanın vaxtilə Birləşmiş Ştatlar kəşfiyyatının sabiq əməkdaşı Edvard Snoudenə sığınacaq verdiyini də xatırladıb və deyib ki, bu, Bəşər Əsəd barəsində də eyni addım atıla biləcəyi qədər asan olmayıb. Vladimir Putin analoji məsələlərin müzakirəyə çıxarılmasından öncə Suriya xalqının öz seçimini etməsini gözləməyi lazım bilib.
"Əgər bu seçkilər demokratik qaydada keçiriləcəksə, ola bilsin Bəşər Əsəd ümumiyyətlə, ölkəni tərk etməyəcək", - deyə o qeyd edib.
Daha öncə yayılan məlumatlarda Birləşmiş Ştatların Bəşər Əsədin istefasının 2017-ci ildə reallaşacağı bildirilirdi. Bu fakt hətta, Suriya məsələsi ilə bilavasitə məşğul olan ABŞ rəsmiləri üçün hazırlanan sənəddə də öz əksini tapıb. Sənəddəki qrafikə əsasən, Bəşər Əsəd öz postunu 2017-ci ildə tərk edəcək, bundan sonra isə onun yaxın ətrafı ölkədən getmək məcburiyyətində qalacaq.
Xatırladaq ki, "Bloomberg"in dekabrın sonunda yaydığı məlumatda Putin ilə ABŞ dövlət katibi Kerri arasındakı danışıqlarda Rusiya lideri Bəşər Əsədin 2017-ci il seçkilərinə buraxılmasını tələb edib. Kreml rəhbəri eyni zamanda onun qələbəsinə əminliyini də ifadə edib.